Macarıstanda Tam Təqaüdlə Təhsil: “Stipendium Hungaricum” Proqramı Haqqında Hər Şey
Avropada ingilis dilində həm ödənişsiz, həm də təqaüdlü təhsil axtarışında olan tələbələr üçün Macarıstan hökumətinin maliyyələşdirdiyi Stipendium Hungaricum (SH) proqramı ən məşhur və əlçatan fürsətlərdən biridir. "Tempus Public Foundation" tərəfindən idarə olunan bu proqram hər il on minlərlə müraciət alır və Azərbaycan gəncləri üçün də xüsusi kvotalar ayrılır.
Əgər DAAD əsasən magistr və doktorantları hədəfləyirsə, Stipendium Hungaricum 11-ci sinif şagirdləri (abituriyentlər) üçün Avropa universitetlərinə açılan birbaşa qapıdır. Bu bloq yazısında, heç bir yerdə axtarmadan proqram haqqında tələbələrin maraqlandığı ən dəqiq məlumatları, qaydaları və qəbul şərtlərini bir araya topladıq.
Hansı Təhsil Pillələrini Əhatə Edir?
Stipendium Hungaricum proqramı akademik inkişafın demək olar ki, bütün pillələrini dəstəkləyir. Tələbələr aşağıdakı dərəcələr üzrə müraciət edə bilərlər:
- Bakalavriat (BA/BSc): 11-ci sinif şagirdləri və ya məzunlar üçün (adətən 3-4 il).
- Magistratura (MA/MSc): Bakalavr dərəcəsini bitirənlər üçün (adətən 1-2 il).
- Bütöv Magistratura (One-tier Master – OTM): Tibb, Diş həkimliyi, Əczaçılıq, Memarlıq kimi ixtisasları əhatə edir. Bu ixtisaslara qəbul olsanız, bakalavr və magistratura birləşdirilmiş şəkildə fasiləsiz tədris olunur (5-6 il).
- Doktorantura (PhD/DLA): Magistr dərəcəsi olan və tədqiqat aparmaq istəyənlər üçün (4 il).
Stipendium Hungaricum Təqaüd Nələri Qarşılayır?
Tələbələrin ən diqqətli olmalı olduğu məqam maliyyələşmədir. DAAD proqramından fərqli olaraq, Macarıstanın aylıq təqaüdü yaşayış xərclərini tamamilə qarşılamır, daha çox dəstək və “cib xərcliyi” xarakteri daşıyır. Rəsmi təqaüd paketi aşağıdakıları ehtiva edir:
| Xərc Növü | Təminat və Məbləğ |
| Təhsil Haqqı | Tamamilə pulsuzdur. |
| Aylıq Təqaüd (Bakalavr, Magistr, OTM) | Aylıq 43,700 Macar Forinti (HUF). Bu məbləğ ilin 12 ayı boyunca ödənilir. |
| Aylıq Təqaüd (Doktorantura) | İlk 2 il (4 semestr) üçün aylıq 140,000 HUF, son 2 il üçün isə 180,000 HUF. |
| Yaşayış Yeri Dəstəyi | Universitet yataqxanasında ödənişsiz yer və ya yataqxanada qalmaq istəməyənlər üçün aylıq 40,000 HUF kirayə dəstəyi. |
| Tibbi Sığorta | Təhsil müddətində Macarıstan qanunvericiliyinə uyğun tam tibbi sığorta kartı (TAJ Card) və ildə 100,000 HUF-ə qədər əlavə tibbi sığorta təminatı. |
"İkili Müraciət" Sirri: Azərbaycanlı Tələbələr Üçün Qaydalar
Bir çox tələbənin etdiyi ən böyük səhv yalnız Macarıstan portalından müraciət etməkdir. Stipendium Hungaricum ikitərəfli dövlət müqaviləsi əsasında işləyir. Bu o deməkdir ki, müraciətiniz iki fərqli portaldan tamalanmalıdır, əks halda sənədlərinizə baxılmayacaq:
- Macarıstan Portalı (DreamApply): apply.stipendiumhungaricum.hu portalında hesab açır, universitetləri (maksimum 2 ixtisas) seçir və bütün sənədlərinizi yükləyirsiniz.
- Azərbaycan Portalı (HTP): Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin htp.edu.gov.az portalından qeydiyyatdan keçərək sənədlərinizi ora da yükləməlisiniz. Azərbaycan hökuməti uyğun gördüyü tələbələri Macarıstan tərəfinə “nominate” (namizəd) olaraq göndərir.
Kimlər Müraciət Edə Bilər? (Əsas Şərtlər)
- Yaş Həddi: Müraciət etdiyiniz ilin 31 Avqust tarixinə qədər 18 yaşınız tamam olmalıdır. (Məsələn, 2026-cı ilin payızında təhsilə başlamaq üçün 31 Avqust 2026-cı ilədək 18 yaşınız olmalıdır). Rəqs ixtisaslarına müraciət edənlər üçün bu qayda istisnadır.
- Vətəndaşlıq: Macarıstan vətəndaşlığı (o cümlədən ikili vətəndaşlıq) olan şəxslər bu proqrama müraciət edə bilməz.
- Əvvəlki İştirak: Əgər siz hazırda Stipendium Hungaricum proqramı ilə bakalavr oxuyursunuzsa, yenidən bakalavr pilləsinə müraciət edə bilməzsiniz (lakin magistraturaya edə bilərsiniz).
Stipendium Hungaricum üçün Tələb Olunan Əsas Sənədlər (Checklist)
Sənədlərinizi hazırlayarkən onların PDF formatında və yüksək keyfiyyətdə skan edildiyindən əmin olun:
- Onlayn Müraciət Forması: DreamApply sistemində tam doldurulmuş profil.
- Motivasiya Məktubu: Minimum 1 səhifə (Təxminən 4000 simvol), Times New Roman, 12 font. Seçdiyiniz ixtisasın Azərbaycan üçün əhəmiyyətini və şəxsi məqsədlərinizi vurğulamalısınız.
- Dil Sertifikatı: Universitetin tələbindən asılı olaraq İngilis dili (IELTS adətən 6.0 və ya 6.5, TOEFL) sertifikatı. Qeyd: Azərbaycan Elm və Təhsil Nazirliyi əksər hallarda namizədlik üçün beynəlxalq dil sertifikatını mütləq şərt kimi qoyur, Duolingo kimi testlər hər zaman qəbul edilmir.
- Təhsil Sənədləri: Attestat və ya Diplom, eləcə də Transkript (Qiymət cədvəli). Sənədlər rəsmi olaraq ingilis dilinə tərcümə və notarial təsdiq edilməlidir. 11-ci sinifdə oxuyanlar məktəbdən arayış və cari qiymət çıxarışı təqdim etməlidir.
- Məcburi Tibbi Arayış: Macarıstan tərəfinin xüsusi və sərt bir tibbi arayış şablonu var (Medical Certificate). Bu arayışda sizin QİÇS, Hepatit A, B, C, Epidemik Tif və digər yoluxucu xəstəliklərdən azad olduğunuz həkim imzası və möhürü ilə təsdiqlənməlidir.
- Xarici Pasport: Pasportun etibarlılıq müddəti ən azı seçdiyiniz təhsil müddətini əhatə edəcək qədər uzun olmalıdır.
DAAD Təqaüdü üçün Müraciət Vaxtları
| Mərhələ | Tarix | Qısa Qeyd |
|---|---|---|
| Qeydiyyatın başlaması | Noyabr- Dekabr | Onlayn portal açılır, profil yaradılır. |
| Son müraciət (Deadline) | 15 Yanvar | Sənədlərin yüklənməsi və müraciətin təsdiqi üçün son gün. |
| İmtahan və müsahibələr | Mart – May | Universitetlər tərəfindən onlayn yoxlanış aparılır. |
| Tibbi arayışın son tarixi | 15 Aprel | Əvvəlcədən yüklənməyən arayışın sistemə əlavə edilməsi. |
| Nəticələrin elanı | İyun – İyul | Yekun qərarlar verilir və tələbələrə bildirilir. |
Vacib qeyd: Müraciət platforması 15 yanvar tarixində Mərkəzi Avropa vaxtı ilə (adətən saat 14:00-da) tamamilə bağlanır. Texniki problemlərlə qarşılaşmamaq üçün prosesi son günə saxlamamağınız şiddətlə tövsiyə edirik.