econelli.

İtaliyada həm tam ödənişsiz təhsil almaq, həm də aylıq yaşayış xərclərinizi qarşılayan dövlət təqaüdü – DSU – Universitet Təhsil Hüququ) təqaüdü

İtaliyada həm tam ödənişsiz təhsil almaq, həm də aylıq yaşayış xərclərinizi qarşılayan dövlət təqaüdü qazanmaq mümkündür. İtaliyanın "Diritto allo Studio Universitario" (DSU - Universitet Təhsil Hüququ) təqaüdü azərbaycanlı tələbələrin Avropada ən çox yararlandığı və müraciəti ən əlçatan olan proqramlardan biridir.

Digər bir çox təqaüd proqramlarından fərqli olaraq, DSU təqaüdü akademik nəticələrinizdən (yüksək qiymətlər və ya güclü CV) daha çox, ailənizin iqtisadi vəziyyətinə əsasən verilir. Bu məqalədə, İtaliya Universitetlər və Tədqiqat Nazirliyinin (MUR) və regional DSU portallarının ən son rəsmi qaydalarına əsaslanaraq, bu təqaüdə gedən yolu detallı şəkildə izah edəcəyik.

DSU Təqaüdü Hansı Təhsil Pillələrini Əhatə Edir?

    İtaliyanın regional DSU təşkilatları demək olar ki, universitet (və ya incəsənət akademiyaları, konservatoriyalar) təhsilinin bütün əsas pillələrini maliyyələşdirir:

    • Bakalavriat (Laurea): 11-ci sinfi və ya kolleci bitirmiş, İtaliyada 3 illik bakalavr oxumaq istəyənlər üçün.
    • Magistratura (Laurea Magistrale): 2 illik magistratura dərəcəsi oxumaq istəyənlər üçün.
    • Bütöv Magistratura (Laurea Magistrale a Ciclo Unico): Tibb, Diş Həkimliyi, Memarlıq kimi fasiləsiz 5 və ya 6 illik birbaşa proqramlar üçün.

      DSU Təqaüdü Nələri Qarşılayır? 

      İtaliya Universitetlər və Tədqiqat Nazirliyinin (MUR) 2026/2027-ci tədris ili üçün qəbul etdiyi yeni 175/2026 nömrəli dekreti ilə təqaüd məbləğləri inflyasiyaya uyğun olaraq artırılmışdır. Azərbaycanlı tələbələr İtaliyada oxuduqları şəhərdən uzaqda yaşadıqları üçün “Fuori Sede” (Regiondan kənar / Beynəlxalq) statusu daşıyır və ən yüksək təminat paketini alırlar.

      Təqaüd paketi aşağıdakıları ehtiva edir:

      • Təhsil Haqqından Tam Azad Olunma (Esonero Totale): DSU qazanan tələbə universitetin illik ödənişini vermir (yalnız 140-156 Avro civarında olan məcburi regional vergi ödənilir).
      • Nağd Təqaüd (Borsa di Studio): “Fuori Sede” (Beynəlxalq) tələbələr üçün illik baza təqaüdü 2026/2027-ci il üçün 7,171.11 Avro-ya qaldırılmışdır. Təqaüd adətən il ərzində 2 hissəyə (qış və yay aylarında) bölünərək ödənilir.
      • Pulsuz Yataqxana (Posto Alloggio): Regional qurumun tabeliyindəki tələbə yataqxanalarında ödənişsiz qalmaq hüququ. (Əgər yataqxanada yer tapılmazsa, tələbə özü ev kirayələyir və təqaüdün tam məbləği onun hesabına köçürülür).
      • Pulsuz Qidalanma (Mensa): Universitetlərin və ya DSU qurumlarının rəsmi yeməkxanalarında gündə 1 və ya 2 dəfə ödənişsiz (və ya çox cüzi endirimli) isti yemək təminatı.

      Rəsmi Qaydalar

      “ISEE Parificato” İqtisadi İndeksi (Ən vacib mərhələ)

      DSU təqaüdünü qazanmağın yeganə yolu ailənizin iqtisadi göstəricilərinin İtaliya dövlətinin tələb etdiyi limitdən aşağı olmasıdır. Bunun üçün Azərbaycan sənədləriniz əsasında İtaliyadakı CAF (Vergi Yardım Mərkəzi) ofisləri tərəfindən ISEE Parificato (Ekvivalent İqtisadi Vəziyyət Göstəricisi) adlı bir rəqəm hesablanır.

      2026/2027-ci ilin MUR qərarlarına əsasən limitlər belədir:

        • Maksimum ISEE limiti: 28,339.88 Avro.

        • Maksimum ISPE (Əmlak) limiti: 61,608.48 Avro.

      Qızıl Qayda: Azərbaycandakı ortalama gəlirlər Avropa standartları ilə hesablandıqda bu limitlərin xeyli altında qalır. Buna görə də sənədlərini düzgün və tam hazırlayan əksər azərbaycanlı tələbələr iqtisadi olaraq bu təqaüdə uyğun (Idoneo) sayılır.

      Müraciət Universitetə Yox, Regiona Edilir

      Tələbələrin ən çox qarışdırdığı məqamlardan biri budur: Siz universitetə qəbul olduqdan sonra təqaüd üçün müraciəti universitetin özünə deyil, həmin universitetin yerləşdiyi Regionun DSU idarəsinə edirsiniz. Məsələn:

        • Turin şəhərindəki universitetlər üçün: EDISU Piemonte

        • Roma şəhəri üçün: DiSCo Lazio

        • Florensiya, Piza, Siena üçün: DSU Toscana

        • Boloniya, Parma üçün: ER.GO (Emilia-Romagna)

        • Venesiya, Padova üçün: ESU Veneto

      Təqaüdün Əsas Şərti – “CFU” (Kredit) Tələsi

      DSU “gələnə qədər asan, əldə saxlamaq çətin” bir təqaüddür. Birinci kursa daxil olarkən təqaüd sadəcə ISEE sənədlərinizə əsasən verilir. Lakin siz birinci ilin avqust ayının 10-na qədər regional bəyannamədə tələb olunan minimum Universiteti Krediti (CFU) toplamalısınız (adətən bu, proqramdan asılı olaraq 20-35 CFU arası dəyişir). Əgər dərslərdən kəsilsəniz və lazımi krediti toplaya bilməsəniz, təqaüdünüz dərhal ləğv edilir və sizdən həmin il aldıqlarınızı dövlətə geri qaytarmaq (revoca) tələb olunur.

      Tələb Olunan Əsas Sənədlər (Checklist)

      ISEE Parificato sənədini əldə etmək üçün Azərbaycandan toplayıb İtaliyaya aparmalı olduğunuz standart sənədlər bunlardır:

       

        1. Ailə Tərkibi Haqqında Arayış: Sizinlə eyni evdə yaşayan ailə üzvlərini göstərən rəsmi sənəd.

        1. Valideynlərin Gəlir Arayışı: Ailə üzvlərinin iş yerindən tam ötən təqvim ili üzrə (məsələn, 2026-cı ildə müraciət edirsinizsə, 2025-ci ilin yanvar-dekabr dövrü üçün) aldıqları maaşı göstərən arayış. Əgər valideyn işləmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən işsizlik arayışı alınmalıdır.

        1. Əmlak Arayışı: Valideynlərin (və 18 yaşı tamam olmuş tələbənin) adına Azərbaycanda hər hansı bir ev, mənzil, torpaq sahəsi olub-olmaması barədə rəsmi çıxarış. Əgər ev varsa, sənəddə onun kvadratmetri mütləq göstərilməlidir.

        1. Bank Çıxarışı (Qalıq): Ötən təqvim ilinin tam olaraq 31 Dekabr tarixinə ailənin bank hesablarında nə qədər pul (qalıq məbləğ) olduğunu göstərən bank arayışı.

      VACİB ŞƏRT: Azərbaycandan alınan bütün bu sənədlər rəsmi qaydada italyan dilinə tərcümə olunmalı və İtaliyanın Azərbaycandakı Səfirliyi tərəfindən qanuniləşdirilməlidir (Apostil / Legalezzazione). Yalnız bu möhürlərdən sonra sənədlərinizi İtaliya CAF ofislərinə təqdim edə bilərsiniz.

      VACİB QEYD: Burda yazılan sənədlər regionlara görə fərqlilik göstərə bilər. Sənədləri hazırlamağa başlamazdan əvvəl bizimlə əlaqə saxlayaraq suallarınıza dəqiq cavab ala bilərsiz.

      Müraciət Təqvimi

      Hər bir regionun təqaüd fondu ayrılıqda işlədiyi üçün tək bir qlobal son tarix (deadline) yoxdur. Lakin prosesin ümumi qrafiki belədir:

       

        • Bəyannamələrin (Bando) Çıxması və Qeydiyyat: Adətən İyun ayının sonu – İyul aylarında. (Məsələn, DSU Toscana bəyannaməsi adətən İyulun ortalarında yayımlanır).

        • Son Müraciət Tarixi: Avqust ayının sonuna qədər davam edir. (Məsələn, EDISU Piemonte üçün ənənəvi olaraq Sentyabr ayının ilk yarısına təsadüf edir).

        • İlkin (Provvisoria) və Yekun (Definitiva) Siyahıların Elanı: Oktyabr – Noyabr ayları.

      Sənədləşmə Prosesinə Başlayaq?

      Bu ölkə üçün lazım olan bütün sənədlərin toplanması və viza prosedurunu peşəkarlara həvalə edin.

      Pulsuz məsləhət alın

      Mütəxəssislərimiz sizə xaricdə təhsil yolunda ən uyğun variantı tapmaqda kömək edəcək.

      Abunə ol

      Müraciət tarixlərindən və ən son xəbərlərdən ilk xəbərdar ol